Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin müvafiq Sərəncamlarında, görülən tədbirlərdə bu diqqət və qayğını aydın görmək mümkündür. Həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən Müharibəsi şəhid və qazi ailələrinin sosial ehtiyaclarının ödənilməsi üçün bütün lazımi tədbirlər görülür. Cənab Prezident İlham Əliyev tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş Dövlət Proqramlarına əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Beləliklə, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin, şəhərciyin inşa olunaraq, təqdim edilməsi dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin bu sahəyə necə həssaslıqla yanaşdığını nümayiş etdirir. Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da deyilənləri bir daha təsdiqləyir. Prezident İlham Əliyev şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı qeyd etmişdir ki, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Qeyd olunmuşdur ki, həm Birinci həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət qayğısı qazilərimizin də sosial şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir.